İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2013-cü ilin yanvar-avqust aylarında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 72,869 min müqavilə bağlayıblar. Bu barədə büronun məlumatında deyilir.
Xəbər verildiyi kimi İSB-nin üzvü olan sığorta şirkətləri cari ilin yanvar-iyul aylarında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 66,609 min müqavilə bağlayıblar
Büronun məlumatında qeyd edilir ki, 2012-ci ilin avqust ayında İSB üzvləri fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 6 260 min müqavilə bağlayıblar və bu müqavilələr çərçivəsində 680,276 min manat sığorta haqqı əldə ediblər.
Büronun məlumatına əsasən, avqust ayında bu sığorta növü üzrə bağlanmış müqavilələrin 71,3%-i yaşayış evləri və mənzillərin, 0,5%-i inzibati binaların, 28,2%-i digər daşınmaz əmlakın sığortası ilə bağlıdır.
Bununla yanaşı, avqust ayında bu sığorta növü üzrə müqavilələrin 47%-i Bakıda yaşayan müştərilərlə bağlanıb.
Məlumatda qeyd edilir ki, İSB üzvləri daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanmış 205 müqavilə çərçivəsində 18,330 min manat sığorta haqqı əldə ediblər.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 2013-cü ildə fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə ən azı 150 min müqavilənin bağlanmasını gözləyir.
2012-ci ildə sığortaçılar fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə bağlanmış 125,195 min müqavilə çərçivəsində 11 mln. 392,973 min manat sığorta haqqı əldə ediblər.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə, fiziki şəxslərə məxsus yaşayış evlərinə, mənzillərə, hüquqi şəxslərə məxsus ofislərə və dövlət əmlakına şamil edilir. Yanğın, partlayış, elektrik şəbəkəsində qısa qapanma, kanalizasiya və su sistemlərində qəza, təbii fəlakətlər və s. nəticəsində əmlaka ziyan dəyməsi faktları sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə tarif sığorta məbləğinin həcminin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkətinin daşınmaz əmlakın icbari sığortası üzrə xidmət göstərmək üçün lisenziyası var.