Niderlandın keçmiş baş naziri Vim Kok hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da fəallaşmalıdır.
“Münaqişə artıq uzun illərdir davam edir. Hesab edirəm ki, problemin nizamlanması üçün yeni yollar tapmaq lazımdır. Minsk Qrupu daha fəal olmalıdır, çünki bu qurumun çoxillik fəaliyyəti heç bir nəticə verməyib”, - deyə V.Kok cümə axşamı Bakıda jurnalistlərə bəyan edib.
Bununla yanaşı, o, ATƏT-in Minsk Qrupu institutuna etimad ifadə edib.
“Biz ATƏT-in Minsk Qrupuna və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün dünya birliyinin göstərdiyi səylərə inanırıq. Danışıqlar prosesini dalandan çıxarmağa imkan verən yeni diplomatik səylər lazımdır”, - deyə V.Kok vurğulayıb.
O, təəssüflə bildirib ki, uzun müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə nail olunmayıb.