Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “BP” şirkətinin baş icraçı direktoru Robert Dadli ilə Londonda keçirilən görüşü zamanı ölkənin şirkətlə əməkdaşlığının hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, tərəflər enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın və etimadın səviyyəsindən məmnunluq ifadə ediblər. Onlar Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin həyata keçirilməsinin mümkün olduğunu vurğulayıblar.
Avropa regionunun təbii qaz təchizatında yeni imkanlar açan Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin böyük potensialı xüsusilə qeyd edilib.
Tərəflər səmərəli əməkdaşlığın bundan sonra daha da davam etdirilməsinə və yeni layihələrin uğurla nəticələnəcəyinə dair ümidvarlıq ifadə ediblər.