Azərbaycan Mərkəzi Bankı (AMB) ipoteka kreditləşməsinin yeni inkişaf strategiyası layihəsini hazırlayıb. Bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Biz ipotekanın yeni inkişaf strategiyası layihəsini artıq hazırlamışıq və yaxın günlərdə onu hökumətin müzakirəsinə təqdim edəcəyik. Strategiyanın əsas məqsədi ipoteka kreditləşməsinin genişləndirilməsidir”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, yeni strategiya ipotekanın maliyyələşdirilməsinin (tikinti-əmanət bankları vasitəsilə) Almaniya modelinin tətbiqini nəzərdə tutur. “Müvafiq qanun layihəsi artıq hazırlanıb və belə model tətbiq olunduqda ipoteka şərtləri daha yumşaq olacaq. Bu model əhalinin yığımları hesabına ipotekaya çıxışı təmin edəcək”, - deyə o qeyd edib.
Sosial ipotekaya toxunan E.Rüstəmov vurğulayıb ki, əsas məqsəd “özəl sektorun və dövlətin tərəfdaşlığı əsasında” ekonom sinifli və rahat evlərin tikintisidir.