Azərbaycanda banklar qiymətli kağızlar bazarının fəal iştirakçılarıdır. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyicilər və bazar institutlarına yeni baxış” mövzusunda beynəlxalq konfransda çıxışında bəyan edib.
Konfrans Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə keçirilir və komitənin yaradılmasının 15 illiyinə həsr olunub.
“Bu gün Azərbaycanda banklar qiymətli kağızlar bazarının fəal iştirakçılarıdır. Aktivlərin 19 mlrd. manatlıq səviyyəsində bankların qiymətli kağızlara investisiyaları 1,5 mlrd. manat təşkil edir”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AMB də qiymətli kağızlar bazarının inkişafına kömək edir. Xüsusilə birjada AMB-nin notları, Azərbaycan İpoteka Fondunun istiqrazları buraxılır.
E.Rüstəmov vurğulayıb ki, son 10 il ərzində Azərbaycanın iqtisadiyyatı üç dəfədən çox artıb. Bununla yanaşı, son 5 il ərzində respublikada iqtisadi artım 30% təşkil edib, o cümlədən qeyri-neft sektoru iki dəfə artıb.
Bu dövr ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 31 dəfə - $49 mlrd.-a qədər artıb.
Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov vurğulayıb ki, 15 il ərzində respublikada qiymətli kağızlar sahəsində zəruri institusional və qanunverici baza yaradılıb.
Onun sözlərinə görə, bu dövr ərzində mühüm institusional elementlər - normativ baza, əməliyyat infrastrukturu formalaşıb, investorlara geniş alətlər dəsti təklif olunub. “Nəticədə son 10 il ərzində qiymətli kağızlar bazarının illik orta hesabla iki dəfə artımını müşahidə edirik. Bu dövr ərzində bazarın xüsusi çəkisi ÜDM-in qeyri-neft sektorundakı payının 33%-dək artıb”, - deyə nazir əlavə edib.