Azərbaycanın seçilmiş klassik musiqi əsərləri Moskvanın nüfuzlu Beynəlxalq Musiqi Evinin Svetlanovsk zalında səsləndirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Musiqi Evinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, musiqi töhfəsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov və Rusiyanın əməkdar artisti Andrey Yakovlevin dirijorluğu ilə Moskva Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Rast” simfonik muğamı, Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən süitalar səsləndirilib. Heydər Əliyev Mərkəzinin və “AR Production” prodüsser mərkəzinin dəstəyi ilə təşkil edilmiş konsert paytaxt tamaşaçılarının böyük marağına səbəb olub. Moskva ziyalıları, işgüzar və elit dairələrin nümayəndələri, klassik musiqi sevərlər artistləri gur alqışlarla qarşılayıblar.
Azərbaycan tamaşaçıları konserti “Mədəniyyət” kanalında izləmək imkanı əldə edəcəklər.