Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 227,6 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 3121 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 9,2 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə nazirliyin məlumatında bildirilir.
SKMF cümə günü Qazax rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
Bu günə qədər Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 3,3 mindən artıq layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 123,3 mln. manat məbləğində güzəştli kredit alıblar.
“Tədbir çərçivəsində 59 sahibkarlıq subyekti 788 min manat güzəştli kredit alıb. Sahibkarların layihələrinin maliyyələşdirilməsi 90-dan artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.