Azərbaycanın şimal-qərb bölgəsində bir nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İsmayıllı-Şəki avtomobil yolunun 50-ci kilometrliyində, Qəbələ rayonunun Bunut kəndi ərazisində “Mercedes” markalı avtomobil yoldakı atı vurub. Zərbə nəticəsində at əks istiqamətdə hərəkət edən “VAZ-2106” markalı avtomobilin ön şüşəsinə çırpılıb və salona girib. Ağır xəsarət alan “Jiquli”nin sürücüsü hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.