Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında 400-dən artıq vakant yer təqdim olunub.
“Yarmarkanın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin, xüsusilə də ucqar kəndlərdə yerləşən məktəblərin pedaqoji kadrlarla təmin olunmasıdır”, - deyə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna məlumat verilib. Vurğulanıb ki, ali təhsil almış gənclərə təyinatların verilməsi, onlara 3 il müddətində kommunal xərclərini ödəmək üçün 40 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc müəllimlərə isə eyni müddət ərzində hər ay 110 manat məbləğində əlavə vəsait ödənilməsi təhsilin inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və nəhayət, kadr təminatının yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.
Muxtar respublikanın orta təhsil müəssisələrində 22 Azərbaycan dili və ədəbiyyat, 51 xarici dil, 33 riyaziyyat, 25 informatika, 31 tarix, 53 coğrafiya, 28 fizika, 37 kimya, 38 biologiya, 48 ibtidai sinif müəlliminə ehtiyac var. Yarmarkada 140 gənc müəllimə işə göndəriş verilib.