Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
Sənəd cümə günü Bakıda QKDK-nın yaradılmasının 15 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.
Memorandumu QKDK-nın sədri Rüfət Aslanlı və Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyasının rəhbəri Dmitri Tevelev imzalayıblar.
Memoranduma əsasən, tərəflər bazar manipulyasiyaları və digər qeyri-qanuni hərəkətlər, qiymətli kağızların buraxılışı və dövriyyəsi sahəsində qanunvericiliyə əməl olunması, bazarda şəffaflığın və yüksək ədalət standartlarının təmin olunması, həmçinin qiymətli kağızların emitentləri barədə lazımi informasiyanın investorlara çatdırılması haqqında məlumat mübadiləsi aparacaqlar.