Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır. Bu barədə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi Bakıda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Ceyms Uorlik ilə görüşü zamanı bəyan edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir C.Uorliki yeni təyinatı münasibətilə təbrik edərək, qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.
Dağlıq Qarabağ probleminin səbəbləri üzərində dayanan S.Əbiyev qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin 20 ildən çox davam etməsinə baxmayaraq, beynəlxalq birlik, xüsusilə Minsk Qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etməyib. Onun sözlərinə görə, əvəzində işğalçı ilə zərər çəkən tərəf çox zaman bərabər tutulub ki, bu da olduqca acı təəssüf doğurur. “Münaqişə ilə bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini ortaya qoysa da, nədənsə bu gün də biganəliyin şahidiyik”, - deyə S.Əbiyev bildirib. O, BMT-nin qəbul etdiyi dörd qətnamənin icra edilməməsini, həmçinin ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəlişin yaratdığı maneələri vurğulayıb.
Nazir bəyan edib ki, Azərbaycan heç kimin torpağını işğal etməyib və bununla əlaqədar kiməsə bir qarış torpaq vermək niyyəti yoxdur. "Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu var ki, o da Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz başqa bir şərti təsəvvür etmirik", - deyə S.Əbiyev vurğulayıb.
C.Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcək.