Səfir Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunda yeni həmsədr təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir.
ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda belə deyilir.
Məktubun mətni bu gün dövlət başısının saytında dərc edilib.
“Bakıya ilk rəsmi səfəri münasibətilə mən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyimi Sizə çatdırmaq istərdim”, - deyə məktubda bildirilir.
“Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Mən gələn aylar ərzində Ermənistan ilə birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”, - deyə ABŞ prezidenti vurğulayıb.