Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Qazax rayonunda müasir çörək istehsalı zavodunun; kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının; xalçaçılıq müəssisəsinin yaradılması üzrə layihələrin kreditləşdirilməsini məqsədəuyğun hesab edir.
“Qazax rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.