Azərbaycanın qərb bölgəsinin din xadimləri qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul ediblər.
“Biz seçki ərəfəsindəyik və seçkilər hər bir ölkənin həyatında baş verən əhəmiyyətli hadisədir. Seçkilərdə iştirak etmək hər bir vətəndaşın borcudur. Respublika vətəndaşlarının, o cümlədən, əhalinin dindar təbəqəsinin seçkilərdə iştirak etməsini vacib hesab edirik və hamını qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata görə, bəyanat çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncədə təşkil etdiyi “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransda Şah Abbas məscidinin icmasının rəhbəri Hacı Əli Səftər tərəfindən oxunub.
“Prezident İlham Əliyev dini sahəyə də diqqət yetirir. Biz prezidentin respublikada din sahəsinə göstərdiyi qayğını yüksək qiymətləndiririk. Ölkədə aparılan kompleks tədbirlər, xüsusilə Tolerantlıq Mərkəzinin yaradılması, Qarabağ azanının bərpa edilməsi, dini abidələrin bərpa-təmir işlərinin aparılması bunun bariz nümunəsidir”, - deyə o qeyd edib.
Azərbaycanda prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.