Deputat Qənirə Paşayeva ölkə ictimaiyyətini respublikanın düşmənləri ilə mübarizədə səyləri birləşdirməyə çağırıb. Onun fikrincə, respublikanın düşmənləri dostlarından çoxdur.
“Bu gün ölkəmizin düşmənləri dostlarımızdan çoxdur. Onlar Azərbaycanı güclü görmək istəmirlər, çünki güclü ölkəyə öz şərtlərini diktə etmək mümkün deyil”, - deyə Q.Paşayeva çərşənbə axşamı Gəncədə keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransda bəyan edib.
“Mən sizin hamınızı Vətənimizin tərəqqisi, inkişafı və möhkəmlənməsi naminə səyləri birləşdirməyə çağırıram. Biz Vətənimizi parçalamağa çalışan ünsürlərdən müdafiə etməliyik. Biz din adından çıxış edən zərərli ünsürlərlə mübarizə aparmalıyıq”, - deyə deputat əlavə edib.
O, həmçinin qeyd edib ki, Azərbaycan İslamın ən yaxşı formada mövcud olduğu ölkədir.
“Mən bir çox müsəlman ölkələrində olmuşam. Bu gün sizə səmimi və açıq şəkildə bildirirəm: Azərbaycan İslamın ən yaxşı formada yayıldığı ölkədir”, - deyə Q.Paşayeva vurğulayıb. Deputat qeyd edib ki, Azərbaycan bir dini cərəyanın digərini özünə tabe etmədiyi müsəlman ölkələrin ilk sırasındadır.
Onun sözlərinə görə, prezident İlham Əliyevin yürütdüyü siyasət milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının hüquq bərabərliyi üzərində qurulub.
“Əcdadlarımızın malik olduğu islam konsepsiyası bu gün İ.Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dini etiqadımızdan asılı olmayaraq hər birimiz ölkədə rahat şəraitdə yaşayırıq”, - deyə o qeyd edib.