Prezident İlham Əliyev bu gün Yevlax hava limanının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verib ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşayıb. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilib, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılıb. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulub.
Bu, “Yak-40” reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan verib.
Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunub. Həmin vaxtlar perronda, eyni zamanda, 4 “Yak-40” təyyarəsi yerləşə bilirdi. İkinci istiqamət üzrə “AN-2” tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılıb, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikilib.
O dövrdə yanacaq-sürtkü materialları anbarı və “AN-2” təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilib.
C.Əsgərov bildirib ki, İlham Əliyevin diqqət və qayğısı Yevlax hava limanının inkişafında mühüm mərhələ olub. Məhz bu diqqət və qayğı nəticəsində qısa müddətdə yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilib, aerovağzal müasirləşdirilib, yardımçı bina və tikililər yenidən bərpa olunub.
Qeyd olunub ki, Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulub.
Dövlət başçısına hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb.
Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr olub. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir.