Bakıda iki avtobusun toqquşması sürücülərdən birinin ölümü ilə nəticələnib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Bu gün nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “Ford” markalı mikroavtobus və “Daewoo” markalı avtobus toqquşub. Hadisə nəticəsində “Ford”un sürücüsü, 1986-cı il təvəllüdlü Turan Əhmədov həlak olub.
Xilasedicilər deformasiyaya uğramış mikroavtobusdan T.Əhmədovun cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 14:36-da başa çatıb.