Prezident İlham Əliyev çərşənbə axşamı Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılıb. Qeyd olunub ki, Naftalan şəhərinin əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir.
Layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.
Həmin gün dövlət başçısı Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub, eləcə də Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.