Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2013-cü ilin iyul ayından 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. Bu barədə fondun məlumatında bildirilir.
Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı 2013-cü il iyulun 11-dən tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. Təyinat aparılan şəxslərin 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub”, - deyə məlumatda qeyd edilir.
Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib.
Digər müraciətlər üzrə əmək pensiyalarının avtomatik təyinatı mümkün olmayıb, belə ki, vətəndaşlar DSMF-in yerli orqanlarına 2006-cı il yanvarın 1-nə qədər olan dövr üçün əmək stajı barədə məlumat verməyiblər. Bununla əlaqədar olaraq fond vətəndaşları DSMF orqanlarına sözügedən informasiyanın verilməsi məsələsində daha fəal olmağa çağırır.
Xəbər veriliyi kimi, Azərbaycanda tətbiq olunan bu sistem pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən “190-0 Cağrı Mərkəzi”nə zəng vurub şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir.