Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov MDB İcraiyyə Komitəsinin sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının Fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Slobada ilə görüşüb. Görüşdə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə mövzusu olub.
N.Hüseynov xaricdə yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın səfirlik və konsulluqlarının ərazilərində seçki məntəqələri yaradılıb.
V.Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. O, missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.