Gəncənin pravoslav xristianları Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 126-cı ildönümünü qeyd edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“1887-ci il sentyabrın 12-də istifadəyə verilən kilsənin özəlliyi ondan ibarətdir ki, ibadətgah bu günə kimi fəaliyyətini dayandırmayıb. Kilsədə hər zaman ibadətlər yerinə yetirilib, bayramlar qeyd edilib ”, – deyə kilsənin xidmətçisi Irey Vyaçeslav Daşkov bildirib.
Onun sözlərinə görə, bazar günləri onlarla insan kilsəyə gəlir, bayramlarda isə gələnlərin sayı bir neçə dəfə artır.
“Bazar günləri kilsəni 30-40 nəfər, bayram günləri isə ətraf ərazilərdən də gələrək 200-dək pravoslav ziyarət edir”, – deyə V.Daşkov qeyd edib.
Kilsənin növbəti ildönümü ilə əlaqədar xristianlar kilsədə dualar edib, dini ayinləri yerinə yetiriblər. Aleksandr Nevski Rus Provaslav Kilsəsinin ziyarətçiləri əsasən XIX əsrdə Azərbaycana Rusiyadan köçürülmüş rusların əsabələridir.