İşğal edilmiş Dağlıq Qarabağa qeyri-qanuni səfər etdiklərinə görə Azərbaycanda adı arzuolunmaz şəxslərin siyahısına salınmış xarici vətəndaşlar Azərbaycan tərəfindən üzr istədikləri təqdirdə “qara siyahı”dan çıxarıla bilərlər. Bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev cümə günü brifinqdə bəyan edib.
“Bu yaxınlarda Azərbaycana səfərləri arzu olunmayan şəxslərin siyahısı tərtib olunub. Bu siyahıya daxil olan şəxslər bir daha Azərbaycana səfər edə bilməyəcəklərindən narahat olublar. Bununla əlaqədar onlardan bəziləri Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət ediblər”, - deyə E.Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin adına və XİN-ə işğal altında olan torpaqlarımıza qanunsuz səfər edən xarici vətəndaşlardan müraciətlər daxil olmaqda davam edir.
“Müraciətlərdə qeyd olunur ki, həmin şəxslər aldadılaraq Dağlıq Qarabağa səfər ediblər. Yəni İrəvana səfər edən xarici vətəndaşların aldadılaraq işğal altındakı Azərbaycan torpaqlarına aparılması faktı göz qabağındadır”, - deyə mətbuat katibi vurğulayıb və əlavə edib ki, erməni tərəfinin bu cür addımları Azərbaycanın diplomatik nümayəndələri tərəfindən ifşa olunur.
Onun sözlərinə görə, Con Hopkins Universitetinin tələbələri “qara siyahı”dan adlarının çıxarılması xahişi ilə Azərbaycan tərəfinə müraciət ediblər. Onlar vurğulayıblar ki, Ermənistan tərəfindən aldadılıblar.
E.Abdullayev bildirib ki, amerikalı tələbələr müraciətlərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə ediblər.
“Bundan başqa, Rusiya Dövlət Dumasının üzvü Aleksey Mitrofanovu, “Amerikanın səsi” radiosunun Rusiya bürosunun rəhbəri Ceyms Bruku və digərlərini qeyd etmək olar. Göründüyü kimi, onların arasında həm siyasətçilər, həm tələbələr, həm də jurnalistlər var. Əsas odur ki, onlar vəziyyətin bütün ciddiliyini anlayır və Azərbaycan tərəfinə müraciət edirlər”, - deyə XİN-in mətbuat katibi qeyd edib.
Onun sözlərinə görə, bəzi ölkələr dövlət sərhədini pozanları həbs edirlər, onları beynəlxalq axtarışa verir və mühakimə edirlər.
“Dövlət sərhədini qərəzsiz pozan vətəndaşların həbs olunması halları mövcuddur. Azərbaycana səfərləri arzu olunmayan şəxslərin siyahısı tərtib edildikdən sonra XİN-ə respublikanın işğal altındakı ərazilərinə səfər etmək istəyən şəxslərdən müraciətlər daxil olmağa başladı. Onlar əsasən jurnalistlərdir”, - deyə E.Abdullayev bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin “qara siyahı”ya düşən şəxslərin sayı barədə sualına cavabında mətbuat katibi qeyd edib ki, “siyahı”ya 335 nəfər daxildir. Lakin müraciətlərə baxıldıqca onların sayı azalacaq.
Azərbaycanın işğal altındakı ərazilərinə investisiya yatıran şirkətlərlə bağlı sualı şərh edən E.Abdullayev vurğulayıb ki, belə şirkətləri erməni lobbisi yaradır.
“Dünyaca məşhur brendlərin guya bu ərazilərə yatırdığı investisiyaların ümumi həcmi bunu sübut edir. Qarabağ yalnız Azərbaycan Respublikasının tərkibində inkişaf edə bilər. Bu ərazilərdə yaşayan bizim erməni əsilli vətəndaşlarımız da bunu yaxşı anlayırlar”, - deyə XİN mətbuat katibi qeyd edib.