Danimarkalı deputatların bu yaxınlarda Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etməsi və qondarma Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyi ilə görüş keçirməsinə etiraz olaraq Azərbaycanın Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bu ölkənin parlamentinə məktub göndərib.
Diaspor təşkilatının Danimarka parlamentinin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova ünvanladığı məktubda KİV-lərdə Danimarka parlamentinin iki üzvünün Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa səfəri barədə yayılan məlumatlarla əlaqədar narahatlıq ifadə olunur. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Məktubda Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir və Danimarka hökumətinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması danimarkalı parlamentarilərin diqqətinə çatdırılır.
“Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkənin parlament üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi ziddiyyət təşkil edir. Ümid edirik ki, bundan sonra Danimarka parlamenti sadalanan faktları nəzərə alaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə belə səfərlərin edilməsi cəhdlərinin qarşısını alacaq”,- deyə müraciətdə bildirilir.