Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib.
Qeyd edilib ki, 1972-ci ildə inşa edilmiş 249 nömrəli məktəbin bütün sinif otaqları yenidən qurulub. Hazırda 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Burada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir.
1977-ci ildə inşa olunmuş, 1020 şagirdin təhsil aldığı 138 nömrəli orta məktəbin bütün sinif otaqları əsaslı təmir olunaraq yenidən qurulub.
Qeyd edilib ki, təhsil müəssisəsinin binasında 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir.