Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 229,7 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 3166 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 9,2 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə nazirliyin məlumatında bildirilir.
SKMF cümə günü Kürdəmir rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 120-yə yaxın sahibkar iştirak edib.
Bu günə qədər Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 6,5 mindən artıq layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 303 mln. manat məbləğində güzəştli kredit alıblar.
“Tədbir çərçivəsində 47 sahibkarlıq subyekti 592,1 min manat güzəştli kredit alıb. Sahibkarların layihələrinin maliyyələşdirilməsi 70-dən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.