Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gündən etibarən prezident seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verildiyini bildirib.
“Təşviqat aparılarkən Azərbaycanın suverenliyi və dövlət sərhədlərinə zidd çağırışlar etmək yolverilməzdir”,- deyə MSK sədri vurğulayıb.
O əlavə edib ki, namizədlərin təşviqat kampaniyası səsverməyə 24 saat qalmış başa çatacaq.
M.Pənahovun sözlərinə görə, seçkilərin vaxtı (9 oktyabr 2013-cü il) MSK-nın avqust ayının 2-də keçirilən iclasında rəsmi olaraq elan edilib.
“Prezident seçkilərinin vaxtı seçkilərin keçirilməsindən 67 gün əvvəl elan edilib. O vaxtdan MSK-ya 22 nəfərin sənədləri təqdim olunub. MSK 21 nəfərin sənədlərini qəbul edib, yalnız Rüstəm İbrahimbəyovun sənədləri mövcud seçki qanunvericiliyinə uyğun gəlmədiyi üçün etibarsız sayılıb, buna səbəb onun ikili vətəndaşlığa malik olması olub. Mövcud qanunvericiliyə əsasən, bu səbəbdən o, Azərbaycan prezidenti seçilə bilməz”, - deyə MSK sədri bildirib.
M.Pənahovun sözlərinə görə, imza vərəqələri verilmiş 21 nəfərdən yalnız 14-ü lazımi sayda imza toplayaraq MSK-ya təqdim edə bilib.
“İmza vərəqlərini MSK-ya 14 nəfər təqdim edib. Qalan yeddi nəfər müəyyən edilmiş vaxta - sentyabrın 9-u saat 18:00-a qədər doldurulmuş vərəqələri MSK-ya təqdim edə bilməyib”, - deyə MSK sədri vurğulayıb.
Onun sözlərinə görə, MSK daxil olmuş imza vərəqələrinə baxaraq prezident seçkilərində iştirak edəcək 10 nəfərin namizədliyini təsdiq edib.
“Onlardan səkkizinin namizədliyi təmsil etdikləri partiyalardan, bir nəfərin namizədliyi müxtəlif siyasi partiya və təşkilatların təmsil olunduğu təşəbbüs qrupu tərəfindən irəli sürülüb, bir nəfər isə müstəqil namizəddir”, - deyə M.Pənahov bildirib.
M.Pənahov həmçinin prezident seçkilərinə hazırlıq istiqamətində görülən işlər, o cümlədən seçici siyahılarının yoxlanılması, hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçkilər günü davranış qaydaları barədə məlumatlandırılması, dairə və məntəqə seçki komissiyalarının əməkdaşları üçün təşkil edilmiş treninqlər və s. barədə ətraflı məlumat verib.
MSK sədrinin sözlərinə görə, seçkilər günü seçicilər 5490 seçki məntəqəsində səs verəcəklər. Azərbaycanın hüdudlarından kənarda olan vətəndaşlar isə olduqları ölkələrdə respublikamızın diplomatik nümayəndəliklərinə gələrək səsvermə prosesində iştirak edə biləcəklər.