Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 16-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir. Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb.
Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür. Diqqətə çatdırılıb ki, regionun ən müasir laboratoriyasında quraşdırılmış “ICP-MS” cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metallar dəqiqliklə təyin olunur.
Laboratoriyanın mikrobioloji analiz kabinetində təhlükəli bakteriyaların aşkarlanması üçün imkanlar yaradılıb.