Prezident İlham Əliyev çərşənbə axşamı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov prezidentə məlumat verib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək.
Qeyd olunub ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək.
Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.
Dövlət başçısına bildirilib ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.
Bundan başqa, mərkəzdə kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.
Azərbaycan prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” Sim kartı təqdim edilib.