SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) sentyabrın 20-nə qədər Türkiyədə “STAR” NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsi üzrə kredit verən banklardan təkliflərin qəbulunu başa çatdıracaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.
Çərşənbə axşamı S.Qasımov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubun üzvləri ilə SOCAR-ın bu şirkətlərlə əməkdaşlıq mövzusuna həsr olunmuş görüş keçirəcək.
“Biz bu layihənin ixrac-idxal bankları tərəfindən maliyyələşdirilməsinə üstünlük veririk. Uzun sürən gərgin danışıqlar prosesi artıq başa çatıb. Kreditlər təqdim etməyə hazır olan banklardan təkliflərin qəbul müddəti sentyabrın 13-də başa çatıb. Biz artıq bəzi kommersiya bankları və dövlət agentliklərindən təkliflər almışıq. Bəzi banklar 3-5 gün möhlət istəyiblər. Düşünürəm ki, bu həftə ərzində biz bu prosesi başa çatdıracağıq”, - dey S.Qasımov qeyd edib.
Onun sözlərinə görə, banklar bu layihənin maliyyələşdirilməsində iştirakda maraqlıdır.
“Düşünürəm ki, banklardan daxil olacaq təkliflərin məbləği layihənin dəyərinin 65%-ni maliyyələşdirilməsi üçün bizə lazım olan borc vəsaitlərinin ümumi məbləğindən 2-3 dəfə çox olacaq. Bu, bizə banklardan daha ucuz, səmərəli və uzunmüddətli təkliflər seçməyə imkan verəcək”, - deyə S.Qasımov bildirib.
Vitse-prezident həmçinin xatırladıb ki, bu günə qədər “STAR” neft emalı zavodunun tikintisi layihəsi çərçivəsində SOCAR-ın və Türkiyənin “Turcas” şirkətinin investisiyaları ümumilikdə $250 mln.-a qədər təşkil edib.
“Bu layihənin reallaşdırılmasında Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (40%), SOCAR (41,5%), “Turcas” (18,5%) iştirak edir. NEZ-in tikintisi çərçivəsində hazırlıq işləri artıq başa çatıb, tikinti meydançasının düzləşdirilməsi üzrə işlər başa çatmaq üzrədir”, - deyə S.Qasımov qeyd edib.
Xəbər verildiyi kimi, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədə törəmə strukturu, əvvəllər “SOCAR-Turcas” BM) “Petkim Petrokimya Holding”in səhmlərinin nəzarət paketinin (51%) sahibidir. Bundan başqa, şirkət neft emalı zavodu və konteyner terminalının tikintisini həyata keçirir, eləcə də ölkənin daxili bazarına qaz tədarükü ilə məşğul olur.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində layihə dəyəri $5,1 mlrd. olan “STAR” NEZ-in təməlini qoyub.
Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb.
“STAR” zavodu onun inşasına dair sazişin imzalanmasından 51 ay sonra fəaliyyətə başlayacaq. NEZ-in illik gücü 10 mln. ton neft təşkil edəcək. Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviakerosin, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.