Maliyyə Nazirliyi Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il (2015-2017-ci illər) üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib”, - deyə məlumatda qeyd olunur.
Bununla belə, Maliyyə Nazirliyi 2014-cü il dövlət büdcəsinin parametrləri barədə məlumat vermir.
Qanunvericiliyə əsasən, hökumət 2014-cü il dövlət büdcəsinin layihəsini sentyabrın 25-dək müzakirə etməli və sənədi Prezident Administrasiyasına, Prezident Administrasiyası isə oktyabrın 15-dən gec olmayaraq parlamentə təqdim etməlidir.
Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 159 mln. manat, xərcləri 19 mlrd. 850 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 691 mln. manat və ya ÜDM-in 1,2%-i səviyyəsində proqnozlaşdırılır.