Bakıda hesab edirlər ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçı-ölkələrinin noyabr ayında Vilnüsdə keçiriləcək sammitində regional münaqişələr mövzusu ciddi müzakirə olunmalıdır.
“Samittdə bu məsələyə çox ciddi yanaşılmalı, regionlarda münaqişələr nəzərdən keçirilməli və onun yekunlarına dair qəbul ediləcək qətnamədə münasibət bildirilməlidir”, - deyə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çərşənbə günü jurnalistlərə söyləyib.
Diplomat həmçinin vurğulayıb ki, Aİ ilə əməkdaşlıq Azərbaycanın hər bir vətəndaşının bu tərəfdaşlıqdan fayda hiss edəcəyi səviyyəyə çatmalıdır.
“Hesab edirik ki, sammitdə elə qərarlar qəbul olunmalıdır ki, hər kəs Aİ ilə tərəfdaşlığın bizim üçün nə qədər faydalı olduğunu görsün”, - deyə o bildirib. Nazir müavini bunu onunla izah edib ki, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə aid məsələdən başqa Bakının Avropa İttifaqı ilə işlədiyi bir çox istiqamətlər əhaliyə hələ də aydın deyil.