Prezident İlham Əliyev çərşənbə günü Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib. Bu barədə ANS telekanalı məlumat verir.
Dövlət başçısına kompleksdə görülən işlər barədə ətraflı məlumat verilib.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib.
2009-cu ilin dekabr ayında prezident İ.Əliyev Quba Soyqırımı Memorial Kompleksinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncamın preambulasında qeyd edilir: “XX əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılıb. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib”, - deyə sərəncamda bildirilir.
Prezidentin sərəncamına əsasən, bu məqsədlə 1 milyon manat vəsait ayrılıb.