Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvləri ilk iclasda üç sənəd müzakirə ediblər. Bu barədə nazirliyin saytında məlumat verilir.
İclas rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilib.
Müşahidə Şurasının üzvləri aşağıdakı sənədləri müzakirə ediblər: İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə banklar arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə forması; fond tərəfindən müvəkkil kredit təşkilatının seçilməsi meyarları; Dövlət Fondunun qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları.
Müzakirələr nəticəsində sənədlərin təsdiq edilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılması qərara alınıb.
Tədbirdə həmçinin Müşahidə Şurasının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Müşahidə Şurasının katibinin seçilməsi qərara alınıb. Nəticədə bu vəzifəyə RİTN-in strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin məsləhətçisi Rauf Cabbarov seçilib.
İclasda iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, ölkədə fəaliyyət göstərən ixtisaslaşmış fondlar sahibkarlığın və özəl sektorun inkişafına müsbət təsir göstərir və RİTN-in tabeliyində yaradılan fondun fəaliyyəti nəticəsində İKT sahəsi üzrə layihələrin və sahibkarların maliyyələşdirilməsi həyata keçiriləcək.
Fondun icraçı direktoru Elçin Zeynalov görülmüş işlər və gələcək planlar haqda iştirakçılara məlumat verib.
Dövlət Fondunun fəaliyyətinin əsas məqsədi İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyinin təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, ən yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və s.-dir.
Fond müvəkkil kredit təşkilatlarının kreditlərin verilməsinə dair müraciətlərinə baxır. Müvəkkil kredit təşkilatları isə güzəştli kredit almaq istəyən sahibkarlıq subyektlərinin ərizələrini qəbul edir.
Vəsaitlərin istifadəsi qaydalarına əsasən, qaytarılan güzəştli kreditlər, eləcə də digər daxilolmalar Dövlət Fondunun hesabında qalır və təyinatına görə istifadə edilir.
Bununla yanaşı, fondun xətti ilə aşağıdakı şərtlərlə kreditlər verilə bilər: 10 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər, verilmə müddəti - 3 ilədək; 50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər; verilmə müddəti - 5 ilədək, 500 001 manatdan 5 000 000 manatadək – iri həcmli kreditlər, verilmə müddəti - 10 ilədək.
Kreditlər illik 1% dərəcəsi ilə verilir.
Bundan əlavə, fondun xətti ilə 10 000 manatdan 100 000 manatadək kiçik həcmli, 100 001 manatdan 200 000 manatadək orta həcmli, 200 001 manatdan 300 000 manatadək iri həcmli qrantlar veriləcək.