İşlənməyə başladığı 1997-ci ilin noyabr ayından sentyabrın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 312,4 mln. ton neft hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
“2013-cü ilin avqust ayının sonuna olan vəziyyətə görə, dünya bazarlarında AÇG blokundan hasil edilmiş 162 mln. ton mənfəət nefti satılıb. Cari ilin 8 ayı ərzində bu blokdan 22,1 mln. ton neft çıxarılıb ki, bunun da 15 mln. tonu və ya 68%-i Azərbaycanın mənfəət neftinin payına düşüb”, - deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gündəlik 72 quyudan orta hesabla 90-95 min ton neft və 35 mln. kubmetr səmt qazı hasil edilir.
X.Yusifzadə qeyd edib ki, 2006-cı ildən indiyə qədər AÇG blokunda laylara 43 mlrd. kubmetr qaz vurulub. Laylara suvurma prosesinin başladığı 2000-ci ildən isə 200 mln. kubmetr su vurulub.
“Hazırda “Azəri” yatağının mərkəzi hissəsində 5 qazvurucu quyu vasitəsilə laylara gündə 27 mln. kubmetr qaz vurulur. Bundan əlavə, lay təzyiqinin sabitləşdirilməsi üçün AÇG bloku üzrə laylara sutkada 90 min kubmetr su vurulur. Görülən tədbirlər blokda neft hasilatının sabitləşdirilməsi və həcminin artırılmasına imkan yaradır”, - deyə X.Yusifzadə vurğulayıb.
O, həmçinin qeyd edib ki, indiyə qədər dünya bazarlarına 321 mln. ton Azərbaycan nefti göndərilib ki, bunun da 225 mln. tonu Bakı-Tbilisi-Ceyhan, 64 mln. tonu Bakı-Supsa, 12 mln. tonu Bakı-Novorossiysk boru kəmərləri, 20 mln. tonu dəmir yolu ilə ixrac edilib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları “BP” (35,78%), “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), “ONGC Videsh Limited” (2,72%), “Inpex” (10,96%), “Itochu” (4,3%), SOCAR (11,65%), “Statoil” (8,56%) və TPAO (6,75%) şirkətləridir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən neft hasilatına başlanılıb.