Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qarşıdan gələn prezident seçkilərində dindarların dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləməsini vacib hesab edir.
“On il ərzində Azərbaycan gözümüzün önündə inkişaf edib. Bu gün hökumətin ölkənin inkişafı istiqamətində həyata keçirdiyi işlər sayəsində kəndlər inkişafına görə şəhərlərdən geri qalmır”, - deyə A.Paşazadə cümə axşamı QMİ-də keçirilən Azərbaycanın din xadimlərinin iclasında bəyan edib.
“Bir zamanlar dünyanın digər ölkələrindən kredit alan Azərbaycan bu gün özü uzunmüddətli kreditlər verir”, - deyə söyləyən şeyx qeyd edib ki, hazırda respublikada din sahəsinə böyük diqqət ayrılır.
“Azərbaycanda din sahəsinə də böyük diqqət yetirilir. Yeni məscidlər tikilir, köhnələri yenidən qurulur. Bununla yanaşı, ölkədə kilsə və sinaqoqlar da inşa edilir”, - deyə A.Paşazadə bildirib.
“Allaha şükürlər olsun ki, prezidentimiz vədlərinə sadiq qalıb və bu gün Azərbaycan fəal inkişaf edir. Ölkəmiz artıq dünya arenasında elə yer tutur ki, bunu görməmək qeyri-mümkündür. Düşmənlərimiz də onlarda olmayan bu inkişafı görür”, - deyə şeyx bildirib. O bəyan edib ki, prezident İ.Əliyev və ailəsi Azərbaycanın inkişafı üçün mümkün olan hər şeyi edir.
“Düşünürəm ki, bütün bu faktları nəzərə alaraq biz prezident İ.Əliyevə səs verməliyik”, - deyə QMİ sədri vurğulayıb.
QMİ nəzdində Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev bəyan edib ki, İ.Əliyevin prezidentliyi Azərbaycana həm ölkə daxilində, həm də xaricdə böyük nailiyyətlər gətirib.
“İlham Əliyevin həyata keçirdiyi işlər – iqtisadiyyatın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, idman sahəsində nailiyyətlər, həmçinin BMT Təhlükəsizlik Şurasında Azərbaycanın qeyri-daimi üzvlüyü və s. beynəlxalq uğurlar göz qabağındadır”, - deyə V.Məmmədəliyev bildirib.
İclasın oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ölkə dindarlarının iştirakı məsələsinə həsr olunduğunu vurğulayan akademik qeyd edib ki, tədbir dindarların təşəbbüsü ilə təşkil edilib.
“Bu, çox yaxşı təşəbbüsdür. Dindarlarımızın qarşıdan gələn prezident seçkilərinə böyük diqqət ayırmaları çox yaxşıdır”, - deyə V.Məmmədəliyev bildirib.