Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektoru ilə “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin müzakirəsini təşkil edib. Bu barədə AMB-nin məlumatında qeyd edilir.
Müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri barədə məlumat verilib.
Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin gələcəkdə qəbul olunması ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim olunmasını, ölkə üzrə maliyyə xidmətlərinə geniş çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcək.
Bundan başqa, Mərkəzi Bank tərəfindən hazırlanmış “Ödəniş xidmətləri haqqında” qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə (Direct Debit) kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.