“Şahdəniz” yatağının işlənilməyə başlandığı 2007-ci ildən 1 sentyabr 2013-cü ilə qədər qaz ixracının həcmi 44,1 mlrd. kubmetr qaz təşkil edib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
“Bundan başqa, bu yatağını işlənməsinə başlanandan dünya bazarlarına 11,5 mln. ton kondensat göndərilib. Hazırda yataqdan qaz hasilatının orta sutkalıq həcmi 27,3 mln. kubmetr qaz və 6,7 min ton kondensat təşkil edir”, - deyə R.Abdullayev vurğulayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb. Yatağın işlənməsi üzrə “Mərhələ-1” 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatını nəzərdə tutur. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. Azərbaycan qazının Türkiyəyə ixracı üçün uzunluğu 690 km olan Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.