Azərbaycanın mobil rabitə operatoru “Azercell Telecom” cümə günü jurnalistlərə şirkətin arxivini nümayiş etdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“Mən Avropa ölkələrinin bir çox bu cür arxivlərində olmuşam. Lakin inanın ki, bizim arxiv ən yaxşılardan biridir. Biz bununla fəxr edə bilərik”, - deyə şirkətin baş direktoru Kiril Qaburiç bildirib.
“Azercell”in Müştəri Xidmətləri Departamentinin direktoru Faiq Dadaşov məlumat verib ki, arxiv artıq 5 ildir fəaliyyət göstərir və burada şirkətin yaradıldığı ilk gündən müştərilərə aid bütün sənədlər saxlanılır. “Burada 13 min vərəqə saxlanılır. Söhbət abunəçilərlə müqavilələr, müxtəlif sorğular, müraciətlər və s. sənədlərdən gedir”, - deyə departamentin rəhbəri qeyd edib.
“Azercell” şirkəti 1996-cı il yanvarın 19-da təsis edilib, hazırda “TeliaSonera” şirkətlər qrupuna daxildir.
Azərbaycanın mobil rabitə bazarında “Azercell Telecom” şirkətinin payı 53% təşkil edir və şirkət respublika ərazisinin 99,8%-ni əhatə edir. Şirkətin abonentlərinin ümumi sayı 4,4 mln. təşkil edir.