ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın gedişi ilə tanış olmaq üçün Gəncədə səfərdədir.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, missiya üzvləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. E.Vəliyev müşahidəçilərə hazırlıq işləri barədə məlumat verib.
“Biz Gəncədə dairə seçki komissiyalarının işini müşahidə etdik, hər şey yolundadır. Bütün ölkə üzrə seçkilər prosesini 200 nəfərdən ibarət missiya izləyəcək”, - deyə missiyanın rəhbəri Tane de Zulueta jurnalistlərə bildirib. O qeyd edib ki, oktyabrın 10-da ilkin hesabat dərc ediləcək.
Siyasi partiyaların Gəncə şəhər təşkilatlarının nümayəndələri ilə görüşən missiya üzvləri seçkiqabağı vəziyyətlə tanış olmaq üçün digər regionlarda da analoji görüşlər keçirəcəklər.
Gəncədə 4 seçki dairəsi və 124 seçki məntəqəsi fəaliyyət göstərir.