Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfə artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
“Əgər ötən il Ukraynanın ali məktəblərində təxminən 2,3 min azərbaycanlı tələbə təhsil alırdısa, bu il bu rəqəm 5 minə qədər artıb”, - deyə A.Mişenko bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna təhsilinə inamın göstəricisidir və sübut edir ki, tələbələrin valideynləri Ukraynanı öz övladları üçün təhlükəsiz ölkə hesab edirlər.
“Təhsil insanlar arasında münasibətləri möhkəmləndirməyə imkan verən sahədir”, - deyə o qeyd edib.
Səfir əlavə edib ki, Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır, onların bir çoxu uğurlu biznes fəaliyyəti göstərir və Ukraynanı özlərinin ikinci vətəni hesab edirlər.
“Bir qayda olaraq azərbaycanlı tələbələr SSRİ vaxtından fəaliyyət göstərən və bu gün tamamilə müasirləşmiş profilli ali məktəbləri seçirlər”, - deyə o əlavə edib.
Diplomat qeyd edib ki, hazırda ukraynalı tələbələrin Azərbaycana axınını təmin etmək üçün iş gedir. “Bizi energetika sahəsi çox maraqlandırır, biz Azərbaycanı həm nəzəri, həm praktiki poliqon kimi nəzərdən keçiririk”.
“Biz Azərbaycan Neft Akademiyası ilə mütəxəssislərimizin bu ali məktəbdə dissertasiya müdafiə etməsi məsələsini nəzərdən keçiririk, çünki burada tədqiqatlar sahəsində çox böyük inkişaf var”, - deyə A.Mişenko bildirib.
Səfir onu da əlavə edib ki, iki ölkə arasında diplomların qarşılıqlı tanınması haqqında müqavilə mövcuddur.