Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakıelektriktökmə” SC-nin səhmlərinin 98,71%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
SC-nin 1 mln. 48,709 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı yüksək keyfiyyətli məhsul istehsalına yönəlməlidir. Bununla əlaqədar proqramda müasir texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin və çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər, eləcə də bu məqsədlər üçün investisiya qoyuluşlarının həcmi və müddəti nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 900 mln. manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra 60 gün ərzində müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni SC-nin hesabına, 90 gün ərzində müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 21 oktyabr 2013-cü il tarixinədək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi oktyabrın 23-də keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK Bakıelektriktökmə” SC-nin səhmlərinin 98,71%-ni 3 dəfə investisiya müsabiqəsinə çıxarıb. Lakin müəssisənin səhmlərinin alıcısı tapılmayıb.
“Bakıelektriktökmə” SC Bakı şəhərində yerləşir. Müəssisə 1961-cı ildə istismara verilib. SC-də 146 nəfər çalışır.
2013-cü il avqustun 1-nə SC-nin öhdəlikləri 2 mln. 790,257 min manat, debitor borcları 1 mln. 45,533 min manat təşkil edir.
Avqustun 1-nə SC-nin nizamnamə kapitalı 2 mln. 124,780 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.