Bu il Şəmkir rayonunda 526 hektar sahədə üzüm bağı salınıb, bu isə ötən ilin göstəricisindən 50 hektar çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Tağızadə məlumat verib.
“Rayonda üzümdə şəkərin miqdarı daha çox olduğundan şərabın hazırlanmasında istifadə edilir”, - deyə agentliyin müsahibi izah edib.
Onun sözlərinə görə, rayonda ümumilikdə 4,5 min ton tutumu olan beş soyuducu anbar üzümün xarab olmasına imkan vermir.
“Cari ildə üzümün məhsuldarlığı çox yaxşıdır. Hər hektardan minimum 265 sentner üzüm götürülməsi planlaşdırılır. Mənə elə gəlir ki, gələn il məhsuldarlıq daha çox olacaq”, – deyə P.Tağızadə bildirib.
Yerli bazarlarda üzümun bir kiloqramının qiyməti 50-70 qəpik təşkil edir.