Çexiya Respublikasının Karlovı Varı şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması Bakı və Praqa arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, bu barədə Çexiyanın xarici işlər naziri Yan Kohout bəyan edib.
“Çexiyanın bəzi sabiq yüksək vəzifəli məmurlarının şəxsi fikirlərinə baxmayaraq, bu gün Azərbaycan uğurla inkişaf edir”, - deyə Çexiyanın XİN başçısı Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən Fəxrəddin Mirzəyevin Azərbaycan Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu vəzifəsinə təyin olunması və onun fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Çexiyalı nazir Fəxrəddin Mirzəyevi fəxri konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, Çexiya tərəfinin ekzekvaturasını ona rəsmi olaraq təqdim edib.
Tədbirdə çıxış edən səfir Tahir Tağızadə Çexiya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin, son illər ərzində iqtisadi, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib və bunun göstəricisi kimi Karlovı Varı şəhərində ölkəmizin fəxri konsulunun təyin olunmasını xüsusi qeyd edib.
F.Mirzəyev xarici işlər nazirinə və Çexiya tərəfinə təşəkkürünü bildirib və iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyini vurğulayıb.