Çərşənbə axşamı Pakistanda baş verən zəlzələ nəticəsində həlak olanların sayı 217 nəfərə çatıb, 350-dən çox adam yaralanıb. Bu barədə KİV yerli hökumətin bəyanatlarına istinadən məlumat verir.
Avaran şəhərinə və onun Belucistan əyalətindəki ətraf ərazilərinə daha çox ziyan dəyib. Burada evlərin təxminən 80 faizi tamamilə dağılıb.
ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, çərşənbə axşamı 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Avaran şəhərindən 66 kilometr məsafədə, 23 kilometr dərinlikdə olub.
Xilasetmə əməliyyatlarına ordu hissələri cəlb olunub. Dağıntıların altından həlak olanların cəsədləri və yaralılar tapılmaqda davam edir.