Bakı ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin gələcəkdə dünya olimpiadasının qəbul edilməsi yolunda vacib addım hesab edir.
“Biz hesab edirik ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları gələcəkdə ölkəmizdə böyük olimpiya oyunlarının keçirilməsi üçün əhəmiyyətli addım olacaq. Bununla yanaşı, biz inanırıq ki, bu oyunlar ölkəmizin gənclərinə müsbət enerji verəcək”, - deyə gənclər və idman naziri Azad Rəhimov Fransanın Bakıdakı səfirliyi tərəfindən təşkil edilmiş I Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə seminarda bildirib.
O vurğulayıb ki, kontinental olimpiya oyunları miqyasında keçirilən tədbir gənclər arasında narkomaniya və alkoqolizmə qarşı mübarizəyə töhfə verə bilər.
Azərbaycanda idman infrastrukturu mövzusuna toxunan nazir qeyd edib ki, olimpiya oyunları zamanı yeni komplekslərlə yanaşı, mövcud idman qurğularından da istifadə olunacaq.
“Biz oyunlar zamanı mövcud idman komplekslərindən, meydan və arenalardan istifadə edirik. Lakin qeyd etmək istəyirəm ki, biz hələ Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu əldə etməmişdən öncə yeni idman komplekslərinin tikintisinə başlamışıq”, - deyə nazir bildirib.
A.Rəhimov onu da söyləyib ki, Azərbaycanda turistlərin qalması üçün otellərlə yanaşı, mehmanxana tipli digər obyektlər də yaradılacaq.