2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı nəqliyyat məsələlərinin həlli Azərbaycan tərəfinin diqqət mərkəzindədir. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov söyləyib.
Onun sözlərinə görə, Oyunların Təşkilat Komitəsinin Nəqliyyat Departamentinə London və Afina Olimpiya Oyunları zamanı bu məsələ ilə məşğul olmuş mütəxəssislər cəlb olunub.
“Onlar təcrübəli insanlardır. Biz inanırıq ki, onların təcrübəsi daşınma ilə bağlı problemlərin həllində, yəni qonaqların və fanatların xüsusi avtobuslarda otel və oyunların keçiriləcəyi meydançalara daşınmasının təmin edilməsində bizim üçün faydalı olacaq”, - deyə nazir bildirib.
A.Rəhimov qeyd edib ki, paytaxtın müvafiq qurumları yerli əhalini narahat etməmək üçün bütün tədbirləri görəcəklər, ancaq paytaxt sakinlərindən də çox şey asılıdır.
“Yerli əhalinin nizam-intizamından da çox şey asılıdır. Təbii ki, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi paytaxtın yollarında nizam-intizamın təmin edilməsi üçün bütün tədbirləri görəcək”, - deyə o vurğulayıb.
Nazir Avropa Olimpiya Oyunları zamanı Bakıya gələcək turistlərin yerləşdirilməsi üçün yüngül konstruksiyalı otellərin (host) tikintisinə dair təkliflərin hazırlanması barədə də məlumat verib.
“Çoxsaylı qonaqları yerləşdirmək üçün bütün dünyada hostların tikilməsi praktikasından istifadə olunur. Bunlar yüngül konstruksiyalı otellərdir. Belə otellərin tikintisinə dair təklif hazırlanıb”, - deyə o əlavə edib.