Nyu-Yorkda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün Azərbaycan və Slovakiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.
XİN mətbuat xidmətinin məlumatına görə, sənədi iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Miroslav Layçak BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüş zamanı imzalayıblar.
Nazirlər ikitərəfli əlaqələr, iqtisadiyyat, sərmayələr, enerji və turizm kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Bundan başqa, E.Məmmədyarov Sent Vinsent və Qrenadinin baş naziri Ralf Qonsalves ilə görüşüb. R.Qonsalves Azərbaycanla müxtəlif sahələrdə, xüsusən də sərmayələrin qoyuluşu, turizm və infrastruktur layihələri kimi istiqamətlər üzrə əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edib. Baş nazir azərbaycanlı iş adamlarını ölkəsinə səfərə dəvət edib.