Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən «Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində çıxış edən A.Paşazadə indiyədək baş tutmuş dörd Astana Qurultaylarının tarixi əhəmiyyətini vurğulayıb.
Sonra A.Paşazadə Astana forumlarının Katibliyinin XII sessiyasında iştirak edib. Tədbirdə təşkilati məsələlər, gələcək prioritet və perspektivlər müzakirə olunub.
Müzakirələr zamanı QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflər irəli sürüb, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis edilməsinə ehtiyac olduğunu bildirib.
Tədbir iştirakçıları A.Paşazadə tərəfindən irəli sürülən təkliflərin müzakirə olunmasının vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində A.Paşazadə Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami ilə görüşüb və onunla mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunu müzakirə edib. Qazaxıstan Senatının sədri konfransda iştiraka görə QMİ sədrinə minnətdarlığını bildirib və məlumat verib ki, tədbir prezident N.Nazarbayevin təşəbbüsü ilə təşkil olunub.
Azərbaycan hökumətinin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələsini yüksək qiymətləndirdiyini deyən A.Paşazadə vurğulayıb ki, Azərbaycan və Qazaxıstan liderlərinin bu məsələyə ayırdığı diqqət iki dövlətin maraqlarına cavab verir.
Bundan başqa, bütün Qafqazın dini lideri Qazaxıstanın Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şərif və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Yerjan Mayamerovla görüşüb.
Azərbaycanla tarixi dini-mənəvi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Qazaxıstan nümayəndəsi əmin olduğunu bildirib ki, A.Paşazadə bu istiqamətdə maksimum səy göstərəcək.
A.Paşazadə konfransın kuluarlarında bir sıra tanınmış din xadimləri, o cümlədən Papa yanında Dinlərarası əlaqələr üzrə Şuranın başçısı kardinal Jan Lui Toran, İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Məhəmməd Bağır Xürrəmşad (İran), İslam İşləri və Vəqflər Nazirləri Konfransının baş katibi Məcid ət-Türki (Səudiyyə Ərəbistan) başqaları ilə bir sıra görüşlər keçirib.