Bakı Dövlət Universitetinin (BDU) altı məzununa ikili diplom - BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının indiki vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir və 4 semestr üçün nəzərdə tutulub. Proqramın yekunları üzrə magistrlara ikili diplom - BDU və Vürçburq Universitetinin diplomları təqdim edilir. Cümə axşamı keçirilən görüşdə BDU-nun altı məzununa bu diplomlar verilib.
Proqram çərçivəsində tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur.
Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi DAAD təşkilatı (Almaniya) tərəfindən ayrılır.