Bakı Dövlət Universiteti (BDU) Dağıstan Pedaqoji Universiteti ilə əməkdaşlıq qurur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Dağıstan Pedaqoji Universitetinin rektor vəzifəsini icra edən hüquq elmləri üzrə doktoru, professor Məhəmməd Abdullayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
A.Məhərrəmov qonaqlara BDU-nun inkişafı və beynəlxalq əlaqələri haqqında məlumat verib. Rəhbərlik etdiyi universitet haqqında məlumat verən M.Abdullayev BDU ilə DPU arasında əməkdaşlıq perspektivlərinə toxunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və əlaqələrin yaradılmasını, müştərək konfrans və simpoziumların keçirilməsini, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdən sonra dağıstanlı qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.